Zaqatala rayonu ərazisində, Alazan çayı vadisində neolit dövrünə və eramızdan əvvəl III-I minilliklərə aid olan "Yalovlu Təpə" mədəniyyəti nümunələri sayılan arxeoloji tapıntılar aşkarlanıb.
Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Zaqatala rayon Tarix Diyarşünaslıq Muzeyinin direktoru Cahangir Soltanov məlumat verib. C. Soltanov bildirib ki, tapıntılar Alazan çayının sol sahilində, Zaqatalanın Muğanlı kəndi yaxınlığında aşkar edilib. Ərazidə əkinçiliklə məşğul olan yerli sakinlər torpağın dərinliyindən neolit erasının daş dövrünə aid at dişi şəklində daşdan düzəldilmiş çapacaq, balıqçılıqla məşğul olan sakinlər isə Alazan çayının sol sahilindən "Yalovlu Təpə" mədəniyyətinə məxsus saxsı qablar tapıblar. C. Soltanov deyib ki, sözügedən ərazidən e.ə III-I minilliyə aid uşaq qəbirləri də aşkarlanıb. Qəbirlərdə uşaq ayağının sümükləri də var. Tapıntıları unikal adlandıran C. Soltanov sözügedən ərazinin zəngin tarixə malik olduğunu və orada arxeoloji qazıntıların aparılmasının zəruri olduğunu vurğulayıb.
|